İtaliya zəruri olmayan bütün istehsal müəssisələrinin bağlanması barədə qərar qəbul edib
Roma, 22 mart, AZƏRTAC
İtaliya hökumətinin başçısı Cüzeppe Konte martın 22-də keçirdiyi mətbuat konfransında qəbul edilən son qərarları açıqlayıb.
AZƏRTAC xəbər verir ki, koronavirusun ən çox insan itkisinə səbəb olduğu İtaliyada həyati vacib və zəruri mallar istehsal etməyən bütün obyektlərin bağlanması qərara alınıb. Son bir gündə 800-ə yaxın insanın ölümünə səbəb olan virusun geniş yayıldığı ölkədə belə bir qərarın verilməsini məqsədəuyğun hesab edən Baş Nazir yeni halların qarşısını almaq üçün bu addımı atmağın zəruriliyini vurğulayıb.
Ancaq həyat üçün vacib sayılan mallar istehsal edən zavod və fabriklər fəaliyyətini davam etdirəcək. Bunlar, əsasən, ərzaq, tibbi ləvazimatlar, gigiyena məhsulları istehsal edən obyektlərdir. Qərar aprelin 15-dək qüvvədə olacaq.
Sənəd zəruri, təxirəsalınmaz və ya kommunal xidmətlərlə əlaqəli hallar istisna olmaqla, dövlət qurumlarının və şirkətlərin, habelə həftəlik bazarların fəaliyyətini müvəqqəti dayandırır, şəxsi avtomobillərdən istifadəni qadağan edir. Bu qadağa yalnız təcili tibbi yardım və təhlükəsizlik avtomobillərinə şamil olunmur. Ölkənin şimalda əhalinin 72 saat ərzində evdən çıxması qadağan edilib. Tibb işçiləri isə iş vaxtı bitdikdən sonra məcburi qaydada gündəlik yoxlamadan keçəcəklər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma