İyunun 16-da keçirilən ilk buraxılış imtahanlarının nəticələri açıqlanıb
Bakı, 18 iyun, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilən ilk buraxılış imtahanlarının nəticələrini elan edib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahanın nəticələri Komissiyanın internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmiş hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı, Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənmək olar.
İmtahanlar Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən şəhərlərindəki orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.
Qeyd edək ki, buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işini (inşa) yerinə yetiriblər. İmtahanın ümumi müddəti iki saat müəyyənləşdirilib, test tapşırıqlarının yerinə yetirilməsi üçün 1,5 saat, yazı işinin yerinə yetirilməsi üçün isə 30 dəqiqə vaxt ayrılıb. Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dildən/kimyadan 7-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
İmtahanda iştirakı nəzərdə tutulan 25 min 533 şagirddən 956-sı imtahana gəlməyib. Bir nəfər imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv olunub. İştirakçılardan 11 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.
XI sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib.
Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlərə təqdim olunan mövzu üzrə yazı işini yerinə yetirmək təklif olunub. İmtahanın ümumi müddəti 2 saat 45 dəqiqə müəyyənləşdirilib, test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə isə 30 dəqiqə vaxt ayrılıb. Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
İmtahanda iştirakı nəzərdə tutulan 20 min 299 şagirddən 969-u imtahana gəlməyib, 9 nəfər imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv olunub. İştirakçılardan 17-si maksimum nəticə göstərərək 90 bal toplayıb.