İZMİRDƏ XOCALI SOYQIRMININ İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
Ankara, 23 fevral (AZƏRTAC). Türkiyənin İzmir şəhərindəki “Swiss” otelində ölkəmizin İstanbuldakı Baş konsulluğu və Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə XX əsrin ən dəhşətli qətliamı olan Xocalı soyqırımının 18-ci ildönümü qeyd edilmişdir.
Tədbirdə çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran, Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü Asif Qurban və “Qavram” tədris ocaqları baş direktorunun müavini Lokman Kızılörənli Xocalı soyqırımından, ermənilərin əsrlər boyu Türkiyə və Azərbaycanda dinc müsəlman əhaliyə qarşı törətdikləri qətliamlardan ətraflı bəhs etmişlər. Natiqlər vurğulamışlar ki, son illər Azərbaycanın və Türkiyənin dövlət başçılarının diqqət və qayğısı sayəsində diaspor təşkilatlarımız bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə səmərəli iş aparırlar. Heydər Əliyev Fondunun məqsədyönlü fəaliyyəti və İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər öz bəhrəsini verməkdədir. Artıq bütün dünyada ermənilərin törətdikləri qətliamlar, Dağlıq Qarabağ münaqişəsi barədə Azərbaycanın haqlı mövqeyi qəbul edilməkdədir.
Tədbirin sonunda İzmir şəhəri ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Fondunun materialları əsasında təşkil olunmuş Qarabağ həqiqətləri və Xocalı soyqırımı haqqında fotosərgi ilə tanış olmuşlar.
Səyyad Aran və Asif Qurban Xocalı soyqırımı ilə bağlı “Avropa” və “SkyTürk” televiziya kanallarında təşkil olunmuş proqramlarda da iştirak etmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara