COP29
Kabine Dumbiya: Fransa şirkətləri Malinin qiymətli təbii sərvətlərini talayırlar VİDEO
Bakı, 14 noyabr, AZƏRTAC
Bu gün müstəmləkəçiliyin mənfi təsirlərindən danışanda Malidə də mədənçıxarma sənayesinin yaratdığı problemlərdən danışa bilərik. Fransanın “Areva” şirkəti Malidə uraniumu istismar edir və nəticədə ətraf mühiti çirkləndirir. Yerli xalq bu çirklənmənin ağır nəticələrinin qurbanı olur. Malinin uranium ehtiyatından Fransa bəhrələnir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində COP29 çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) Sahel Dövlətlər Konfederasiyasını təmsil edən “ASRAD” qeyri-hökumət təşkilatı ilə birgə təşkil etdiyi "Afrikada investisiya perspektivlərinə müstəmləkəçiliyin mənfi təsirləri" tədbirinin moderatoru, BMT-də statusu olan “ECOSOC” qeyri-hökumət təşkilatının koordinatoru Kabine Dumbiya deyib. O bildirib ki, Nigerdə də eyni vəziyyətdir: “Ölkələrin təbii sərvətləri Fransa tərəfindən istismar edilir, yerli əhali isə elektriksiz yaşayır.
Fransa müstəmləkəsində olan ölkələrdə fransız şirkətlərinin mənfi təsirləri çoxdur. Yerli xalq öz torpaqlarının təbii sərvətlərindən yararlana bilmir. Bu vəziyyəti dəyişmək vaxtıdır. Malidə fəaliyyət göstərən Fransa sənayeləri, xüsusən də mədənçilik, kənd təsərrüfatı və enerji sektorları ətraf mühitə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Mədən sənayesi Malidə ən fəal sektorlardan biridir və bir çox Fransa şirkətləri ölkənin əsas ixrac məhsulu olan qızılın hasilatı ilə məşğuldur. Transmilli Fransa şirkətləri vergi də ödəmirlər və yerli ekosistemə zərər verərək ölkəmizdə təbii sərvətləri talayırlar”.