AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ümumdünya mülki aviasiya sistemində əsil inqilab gözlənilir: 2007-ci ilin sonunadək təyyarə sərnişinlərinin adət etdiyi çoxsəhifəli kağız bilet-kitabçalar istifadədən çıxarılacaq və onlar elektron versiyalar yazılmış kart-biletlərlə əvəz ediləcəkdir. Artıq 2006-cı ilin qalan üç ayı müddətində kağız biletlərin 30 faizi yeni növ bilet-kartlarla əvəz olunacaqdır. Bu yenilik barədə “Frankfurter Rundschau” qəzetinə məlumat verən Beynəlxalq Mülki Hava Yolları Assosiasiyasının (İATA) baş direktoru Covanni Bizinyanı bildirmişdir ki, aviasiya daşımalarında elektron kart-biletlərinin tətbiqi sərnişinlərin rahatlığı və sərnişin daşımalarını avtomatlaşdırmaqla konsernlərin gəlir rentabelliyinin artırılması sahəsində boyük rol oynayacaqdır. Onun sözlərinə görə, indiyədək tətbiq olunan kağız biletlərin hazırlanmasına milyon tonlarla kağız, əmək və pul sərf edilirdi. Kağız israfçılığı hava yolları konsernlərini maddi itki ilə üzləşdirir, sərnişin daşımaları iş prosesinin fəaliyyət ahəngini ləngidirdi.
İndi sərnişin bilet əldə etmək üçün daha kassalara getməli olmayacaqdır. Sərnişin aeroport və yaxud xüsusi servis xidməti büroları ilə telefon əlaqəsi saxlamaqla istədiyi bileti sifariş edə biləcəkdir. Uçuş barədə məlumatlar sərnişinin telefon ünvanında təsdiqlənəcəkdir. Sərnişinə uçuş günü yalnız şəxsi pasportunu və pul-kredit kartını götürərək təyyarəyə daxil olması lazım gələcəkdir.
Ekspertlərin hesablamalarına görə, sərnişin daşımalarının bu növ standartlaşdırılması mülki hava yolları konsernlərinin fəaliyyətini asanlaşdırmaqla faydalı iş əmsalını və bütövlükdə mədaxilini xeyli artıracaqdır.