Kağız tullantılarının təkrar emalı ətraf mühitin mühafizəsi deməkdir
Bakı, 8 iyun (AZƏRTAC). İyunun 8-də “Azərsun Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC), “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC), İDEA Ətraf Mühit Kampaniyasının və “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində ictimaiyyət və mətbuat nümayəndələri ilə görüş keçirilmişdir.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə bu əməkdaşlığın digər şirkət və müəssisələrə nümunə ola biləcəyi vurğulanmışdır.
Tədbirdə bildirilmişdir ki, kağız gündəlik həyatımızda ən çox istifadə olunan əmtəə məhsullarından biridir. Statistikaya görə, 1 ton ofis kağızının istehsalı üçün ən azı 10 ağac kəsilməlidir. İstifadə edilmiş kağızların yenidən emalı isə ətraf mühitin mühafizəsi və təbii sərvətlərimizə qənaət deməkdir. Məhz bu səbəbdən “Azərsun Holdinq” MMC Kağızın Təkrar Emalı Kombinatını işə salır. Tikilməkdə olan kombinatda müasir avadanlıqlar quraşdırılmaqdadır. Müəssisədə karton məhsulları, yazı kağızı və məişətdə istifadə olunan kağız məmulatları ilə yanaşı, bütün kağız növlərinin istehsalı planlaşdırılır. Burada tullantı sularının təmizlənməsi və təkrar istifadəsi də həyata keçiriləcəkdir.
Qeyd edilmişdir ki, “Təmiz Şəhər” ASC və “Azərsun Holdinq” MMC arasında imzalanmış müqaviləyə əsasən, Balaxanı Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunda yığılan bütün kağız tullantıları yenidən emal üçün il ərzində bu kombinata təhvil veriləcəkdir.