Kanallar lildən təmizlənir, suvarma mövsümünə hazırlıq işləri görülür VİDEO
Bakı, 14 fevral, AZƏRTAC
Kəlbəcər Suvarma Sistemləri İdarəsinin balansında olan kollektor drenaj şəbəkələrində lildən və kol-kosdan təmizləmə işləri aparılır. Görülən işlər nəticəsində şoranlaşmaya görə keyfiyyəti aşağı düşən torpaq sahələri münbitləşir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, 1993-cü ildən Bərdə rayonunun Lənbəran ərazisində fəaliyyət göstərən Kəlbəcər Suvarma Sistemləri İdarəsi Kəlbəcər rayonuna məxsus 1150 hektar ərazinin su təchizatını təmin edir. Lənbəran ərazisində suvarılma üçün Yuxarı Qarabağ kanalından su götürülür. İdarənin balansında 25 kilometr suvarma kanalı, 14 kilometrə yaxın kollektor drenaj şəbəkəsi, 2 ədəd nasos stansiyası, 10 kilometrə qədər boru mövcuddur. İdarə hər il olduğu kimi, bu il də suvarma mövsümü bitdikdən sonra gücləndirilmiş iş rejiminə keçərək, suvarma kanallarını texnikalar vasitəsilə lildən təmizləyir. Bundan başqa cari təmir işləri də aparılır. Bu işlər çərçivəsində 2 kilometr beton kanal təmir olunub və kanalın xidməti ərazisində su itkisinin qarşısı alınıb.
Bozdağ massivində yerləşən “Qismət-2017” nasos stansiyasında da cari təmir işləri yerinə yetirilib. Nasos stansiyasının su mənbəyi Kür çayıdır. Stansiyada 2021-ci ildə 75 kvt-luq elektrik mühərriki quraşdırılıb və 50 hektar sahəyə xidmət edən nasos stansiyası tam saz vəziyyətə gətirilərək, növbəti suvarma mövsümündə həmin sahələrin suvarılmasını təmin edəcək. Ərazidə taxıl, arpa və yonca əkilir.
Kəlbəcər Suvarma Sistemləri İdarəsi Bərdə, Göygöl və Samux rayonlarında torpaq sahələrinə xidmət edir. İdarə 2021-ci ildə suvarma kanallarında 26 min kubmetr, kollektor drenaj şəbəkələrində isə 37 min kubmetr lildən təmizləmə işlərini həyata keçirib.