Kanat İskakov: Türk dövlətləri arasında informasiya və mədəniyyət əməkdaşlığı gənc nəsli birləşdirəcək
Bakı, 28 noyabr, AZƏRTAC
İnformasiya məkanımızın əsas vəzifəsi xalqların bir-birini yaxından tanımasıdır. Burada mühüm vasitələrdən biri də birgə media informasiya mədəni layihələrinin yaradılmasıdır. Bunların sırasında ölkələrimizin mədəniyyətindən, adətlərindən, turizm və mədəniyyət obyektlərimizdən bəhs etdiyimiz seriallar da var. Xalqlarımızın ölkələrimizin sərvətləri barədə məlumatlı olması çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov deyib.
O bildirib ki, vacib məqamlardan biri türk dillərində animasiya layihələrinin hazırlanmasıdır. “Ölkələrimiz qardaşdır, ortaq tarixi köklərə malikdir və biz bunu gənc nəslə düzgün şəkildə göstərməliyik”, – deyə nazir müavini vurğulayıb.
“Digər bir mühüm məqam ondan ibarətdir ki, hökumətimiz Mədəniyyət və İnformasiya Nazirliyi vasitəsilə Türk Dövlətləri Təşkilatının informasiya nazirlərinin növbəti sammitinin Astana şəhərində keçirilməsini təklif edib. Toplantı çərçivəsində ümumi məsələlər üzrə fikir mübadiləsi aparmaqla yanaşı, media qurumlarının rəhbərləri ilə konkret layihələri müzakirə etmək və müəyyən nəticələr əldə etmək planlaşdırılır.
Aydındır ki, dövlət səviyyəsində çox səmərəli əməkdaşlığımız mövcuddur. Lakin təcrübə və məzmun mübadiləsi aparmaq, habelə saxta xəbərlərə qarşı ümumi gündəm formalaşdırmaq üçün media təşkilatları, televiziya kanalları və informasiya agentlikləri səviyyəsində də birgə fəaliyyət davam etdirilməlidir”, – deyə Kanat İskakov əlavə edib.