CƏMİYYƏT
Kardiologiyanın aktual elmi və praktiki aspektləri müzakirə olunub















Bakı, 30 sentyabr, AZƏRTAC
"Heydər Əliyev İli" çərçivəsində “Kardiologiyada komorbid hallarda nə etməli - Debat müzakirə” mövzusunda elmi-praktik konfrans keçirilib.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən təşkil edilən tədbir Ümumdünya Ürək Gününə həsr edilib.
Tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Tibb Universitetinin tələbələri, ali təhsil və tibb müəssisələrinin nümayəndələri, Azərbaycan və Türkiyənin tanınmış elm xadimləri və “ETKİ könüllüləri” iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçılarına ETKİ-nin “Ürəyinizi qoruyun” layihəsi çərçivəsində hazırlanmış videoçarx nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, ETKİ-nin direktoru Gülnaz Dadaşova öz çıxışında Ulu Öndərin ölkəmizdə səhiyyə sahəsində gördüyü mühüm işlərdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin sağlamlığının qorunması istiqamətində atılan addımlardan bəhs edib. ETKİ-nin direktoru konfransın ölkəmizdə kardiologiyanın inkişafına böyük töhfə verəcəyini bildirib.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, həkim-kardioloq Rəşad Mahmudov Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində Azərbaycan səhiyyəsinin gündən-günə inkişaf etdiyini, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin getdikcə artdığını qeyd ediblər.
İzmir Medicana Beynəlxalq Xəstəxanasının professoru Suat Buket Azərbaycanda kardiologiya və kardiovaskulyar cərrahiyyə sahəsində irəliləyişlər olduğunu, ölkəmizdə aparılan kardioloji əməliyyatların Türkiyədə icra olunan əməliyyatlardan çox da fərqlənmədiyini diqqətə çatdırıb.
300-ə yaxın həkimin iştirakı ilə keçirilən konfransda tibdə yeni istiqamət - kardiologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənilib, mövzu ilə bağlı müzakirə aparılıb və suallar cavablandırılıb.