Karlos Qona Yaponiyadan qaçmağa yardım etmiş ABŞ vətəndaşları barədə hökm çıxarılıb
Tokio, 19 iyul, AZƏRTAC
Yaponiya məhkəməsi “Nissan Motor” şirkətinin sabiq baş direktoru Karlos Qona Yaponiyadan qaçmaqda yardım etmiş iki ABŞ vətəndaşı barədə hökm çıxarıb.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, iyulun 19-da Tokio dairə məhkəməsi sabiq “yaşıl beret” Maykl Teylor haqqında iki il müddətinə azadlıqdan məhrumetmə haqqında hökm verib. Onun oğlu Piter Teylor isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Prokurorluq orqanlarının bildirdiyinə görə həmin iki şəxs böyük məbləğdə vergidən yayınmaya görə ittiham edilən “Nissan Motor” şirkətinin sabiq baş direktoru K.Qona 2019-cu ilin dekabrında özəl təyyarə ilə qaçmaqda kömək ediblər. Onun hazırda Livana sığındığı qeyd edilir.
Xatırladaq ki, Yaponiyadan qaçış ərəfəsində K.Qon girov müqabilində azadlığa buraxılıb. Onu etibardan sui-istifadə nəticəsində böyük məbləğdə maliyyə cinayətlərinə görə məhkəmə ittihamı gözləyirdi.
Məhkəmənin hakimi Nirey Hideo bildirib ki, Teylorlar ciddi ittihamda təqsirli bilinən şəxsə xaricə qaçmaqda yardım ediblər. Bu hərəkət ədalət məhkəməsi sisteminə ciddi zərər vurub. K.Qonun ölkədən qaçmasından artıq 18 ayın keçdiyini xatırladan hakim, bundan sonra onun məhkəmə qarşısında durması üçün heç bir perspektiv görmədiyini də deyib.
Teylorların K.Qonu qaçırmaq üçün çox geniş və dərindən düşünülmüş hazırlıq apardıqlarını qeyd edən N.Hideo bu zaman onların öz peşəkar bacarıqlarından istifadə etdiklərini bildirib. Buna görə də günahlarını etiraf etmələrinə baxmayaraq, onlar haqqında həbs qətimkan tədbiri seçilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio