Kartdan oğurladıqları 27 min dolları ödənişli virtual oyunlara xərcləyən “gamer”lər müəyyənləşiblər VİDEO
Bakı, 22 noyabr, AZƏRTAC
Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayət edən ölkəmizdə yaşayan xarici dövlətlərdən birinin vətəndaşı onun bank kartından 27 min dolların naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Zöhrab Əliyev və Orxan Qafarov həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı müəyyənləşib ki, saxlanılan şəxslər ödənişli virtual oyunlardan istifadə edən zaman zərərçəkənin kartından istifadə ediblər. Sonra həmin kartda olan pul vəsaitini onlayn alış-veriş saytlarında xərcləyərək müxtəlif təyinatlı ödənişlər ediblər. Həmin şəxslər ifadələrində törətdikləri əməli etiraf ediblər.
Qeyd olunan faktla bağlı Zöhrab Əliyev və Orxan Qafarov barəsində Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir.