Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi şuranın onlayn iclası keçirilib
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 29-da AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi şuranın onlayn iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclası AMEA-nın vitse-prezidenti, elmi müəssisənin direktoru, akademik Dilqəm Tağıyev açaraq COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən zəruri qabaqlayıcı tədbirlər görüldüyünü, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldığını, ölkə ərazisində sosial izolyasiya qaydalarının və xüsusi karantin rejiminin tətbiq edildiyini xatırladıb.
Akademik vurğulayıb ki, institut fəaliyyətini Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qurub. Elmi müəssisənin iş və laboratoriya otaqları mütəmadi dezinfeksiya olunub və işə çıxan əməkdaşlar tibbi maska, spirt və digər qoruyucu vasitələrlə təmin edilib.
“2020-ci ilin birinci yarısında institutun elmi işçiləri karantin dövrünə qədər, yəni yanvar-mart ayları ərzində elmi-tədqiqat planına uyğun laboratoriya tədqiqatlarını yerinə yetiriblər, sonrakı dövrlərdə isə əməkdaşlar karantin dövründə aparılan elmi-tədqiqat işlərini emal edib və alınan nəticələr əsasında 30-a yaxın məqalə hazırlayaraq yerli və xarici jurnallara göndəriblər. Qeyd olunan dövrdə institut əməkdaşlarının müxtəlif elmi jurnallarda 50-ə yaxın məqaləsi, o cümlədən 20-si xarici jurnallarda dərc olunub. Dərc olunan məqalələrdən 18-i "Web of Science" bazasına daxil olan impakt faktorlu jurnallarda (“Quantum materials”, “APL materials”, “Journal of organometallic chemistry”, “Journal of molecular liquids”, “Journal of physics D-applied physics”, “Semiconductors” və sair) yer alıb. Məqalələrə dünya alimləri tərəfindən 400-ə yaxın istinad olunub”, - deyə akademik diqqətə çatdırıb.
Dilqəm Tağıyev bildirib ki, 2019-cu ilin qəbul planına əsasən institutun doktoranturasına 6 nəfər (onlardan 4-ü fəlsəfə doktorluğu hazırlığı, 2-si elmlər doktorluğu hazırlığı üzrə), dissertanturasına isə 7 nəfər (onlardan 5-i elmlər doktorluğu hazırlığı, 2-si fəlsəfə doktorluğu hazırlığı üzrə) qəbul olunub.
Müzakirələrdən sonra doktorant və dissertantların fərdi iş planları təsdiq olunub. Sonra institutun elmi şurasının tərkibinin qismən dəyişdirilməsi haqqında qərar qəbul edilib.
Sonda D.Tağıyev işçilər tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət edilməsinin vacibliyini bir daha vurğulayıb.