Keçmiş döyüşçü: Azərbaycan əsgərinin qarşısında duruş gətirmək mümkün deyildi…
Bakı, 15 dekabr, AZƏRTAC
Cəbhə həyatında ən ağır və unudulmaz döyüşlərdən birini 2020-ci il oktyabrın axırlarında Şuşa istiqamətində yaşamışam. Ermənilər çoxlu texnika, döyüş maşınları və çox böyük canlı qüvvə ilə Milli Ordunun Şuşaya uzanan yolunu bağlamaq istəyirdilər. Lakin düzgün döyüş taktikası nəticəsində onları arxadan yaxaladıq. Düşmən bu qəfil həmləni gözləməsə də, ciddi müqavimət göstərirdi. Mən və döyüş yoldaşım əl qumbarası ilə onların mövqelərini atəşə tutmuşduq. Çox çətin və ağır döyüşdə ağır yaralandım və sentyabrın 27-dən başlanan döyüş yolum qırıldı.
Bu sözləri Xüsusi Təyinatlı Qüvvələrin çavuşu Elnur Abdullayev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.
O, əvvəllər Daxili İşlər Nazirliyinin daxili qoşunlarında xidmət edib. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısıdır. 2020-ci ilin payızında isə Vətən torpaqlarının müdafiəsi uğrunda döyüşlərə qoşulub. “Müharibənin ilk günləri Murov dağında ən yüksək və strateji əhəmiyyətli Ömər aşırımında və Camışdağdakı mövqelərin erməni yaraqlılarından təmizlənməsi əməliyyatlarında iştirak etdim. Uğurlu əməliyyatlardan sonra döyüş tapşırığının ardınca Cəbrayıl və ətraf rayonlarda ermənilərin “keçilməz sədd” adlandırdıqları səngər və bunkerlərdən qovulmasına nail olduq. Azərbaycan əsgərlərinin vətənpərvərlik duyğusu, döyüş əzmi, qədim və əzəli torpaqları azad etmək istəyi, üstəlik ordunun döyüş hazırlığı o qədər yüksək idi ki, onun qabağında heç cür duruş gətirmək mümkün deyildi”, - deyə Elnur bildirir.
“Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “ Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülən çavuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin olunub.
Elnur deyib: “Dövlətimizin göstərdiyi diqqət və qayğıdan çox razıyam. Birotaqlı mənzillə də təmin olunmuşam. Lakin ayağımda hissiyyat olmadığına görə təəssüf ki, avtomobili idarə edə bilməyəcəyəm. Uzun müddətdir ki, müalicə prosedurları alıram. Nə qədər ki, sağlamlığım tam yerində deyil, əmim oğlu İlqar avtomobili idarə etməkdə mənə kömək edəcək”.
İkinci dərəcəli əlil kimi müavinət alan 30 yaşlı keçmiş döyüşçü yeni aldığı avtomobillə uğrunda vuruşduğu bölgələri dolaşmaq arzusunda olduğunu deyib.