Keçmiş döyüşçü: Xocalıda törədilən vəhşiliyi sözlə ifadə etmək çox çətindir
Ağdam, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Xocalı soyqırımı zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında o zaman Ağdamda yaradılmış könüllülərdən ibarət dəstələrin böyük rolu olub.
Keçmiş döyüşçü, Ağdam rayonu Əhmədavar kənd sakini Oruc Cabbarov AZƏRTAC-ın müxbiri ilə söhbətində 23 il əvvəl şahidi olduğu dəhşətli hadisələrdən danışıb: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalıya üç istiqamətdən hücum etdi. Xocalıda olan təqribən 2500 sakin şəhəri tərk edərək, Ağdam rayonu istiqamətində qaçmağa məcbur oldu. Onu da bildirim ki, hələ faciədən 10 gün əvvəl Xocalıya yol açılacağı ilə bağlı məlumat verilmişdi. Biz də postlarda hazır vəziyyətdə gözləyirdik. Lakin yol açılmadı. Fevralın 25-dən 26-na keçən gecə atəş səsləri eşitdik. Bildik ki, ermənilər Xocalıya hücuma keçiblər. Cəbhəni yarıb xocalılılara kömək etmək qərarına gəldik. Fevralın 26-sı səhər tezdən silahdaşlarımla Qaraqaya yüksəkliyini ələ keçirdik. Xocalıdan Ağdam istiqamətinə qaçan insanların necə vəhşiliklə qətlə yetirildiyinin şahidi olduq. Qadınlar, qocalar, körpə uşaqlar ağlasığmaz qəddarlıqla öldürülmüşdülər. Bu vəhşiliyi sözlə ifadə etmək çox çətindir”.
O.Cabbarov və silahdaşları daha sonra Əskəran qalasının yaxınlığında ermənilərin pusqusuna düşmüş insanları xilas ediblər. “Onlar vahimə, qorxu və həyəcan içində idilər. Yüzə yaxın Xocalı sakinini oradan çıxarıb Ağdama gətirdik. Aralarında yaralananlar, don vuranlar da vardı. Bu əməliyyatda bizim də yoldaşlarımızdan bir neçəsi şəhid düşdü, yaralandı”, - deyə O.Cabbarov vurğulayır.
Keçmiş döyüşçü sonda gec-tez bütün şəhidlərimizin qisasının alınacağını və bunun üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an silaha sarılmağa hazır olduqlarını bildirib.