Kənan Zeynalov: Prokurorluq orqanlarında genişmiqyaslı islahatlar həyata keçirilib
Bakı, 26 sentyabr, AZƏRTAC
Ölkəmizdə prokurorluğun əsası 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə qoyulub. Prokurorluq AXC süquta uğradıqdan sonra - SSRİ dövründə də öz mövcudluğunu saxlayıb. Ulu Öndər Heydər Əliyevin daimi qayğısı sayəsində 1970-ci illərdən etibarən Azərbaycan SSR Konstitusiyasında prokurorluq orqanlarına aid maddə əksini tapıb. Eyni zamanda, Baş Prokurorluq üçün yeni korpus inşa edilərək istifadəyə verilib. Ulu Öndər Heydər Əliyev tərəfindən prokurorluq orqanlarının fəaliyyəti daim diqqətdə saxlanılıb. Müstəqilliyin bərpasından sonra, 1995-ci ildə qəbul olunan Konstitusiyada da prokurorluğa aid yeni bir maddə nəzərdə tutulub. Həmin maddədə prokurorluğun bütün xüsusiyyətləri və səlahiyyətləri əksini tapıb.
AZƏRTAC xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Bakı Şəhər Prokurorluğunun inzibati binasının yeni korpusunda keçirilən “Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu” adlı seminarda çıxışı zamanı bildirib.
O son vaxtlar prokurorluq orqanlarında həyata keçirilən işlərə də toxunub: "Prokurorluq orqanlarında genişmiqyaslı islahatlar həyata keçirilib. Bu gün prokurorluq orqanlarının strukturunda səmərəli dəyişikliklər aparılıb, vəzifə bölgüsü optimallaşdırılıb. Bundan başqa, gənc hüquqşünasların dövlət qulluğuna cəlb olunması, onların peşəkar inkişafının təmin edilməsi istiqamətində genişmiqyaslı proqramlar həyata keçirilib. Həmçinin istintaq və təhqiqat proseslərinin səmərəliliyi artırılıb, vətəndaş müraciətlərinə baxılması istiqamətində kompleks tədbirlər görülməkdədir. Bundan başqa, korrupsiyaya qarşı mübarizə daha da gücləndirilir. Eyni zamanda, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində səmərəli addımlar atılmaqdadır. Əməkdaşların sosial-maddi rifahının möhkəmləndirilməsi də diqqətdədir".
Kənan Zeynalov Azərbaycan Prokurorluğunun "Konstitusiya və Suverenlik İli" çərçivəsində kompleks tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. O, prokurorluq əməkdaşlarının Vətən müharibəsində yaxından iştirak etdiyini də vurğulayıb.