CƏMİYYƏT
Keniyalı mütəxəssis: COP29 iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verir
Bakı, 22 noyabr, AZƏRTAC
COP29 iqlim sammiti haqqında müsbət fikirlərim var. Azərbaycana ilk dəfədir ki, gəlirəm və bu konfransın təşkilatçılığını yüksək qiymətləndirmək lazımdır. Təşkilatçılıq çox mükəmməl səviyyədədir və Azərbaycan xalqının qonaqpərvərliyi bizi heyrətləndirdi. Bu qədər sosial bir mühiti gözləmirdik. Azərbaycan təkcə tədbir üçün deyil, səyahət üçün də çox əlverişli bir mühitə malikdir.
Bu sözləri COP29 çərçivəsində ölkəmizə gələn Təbiəti Qoruma Təşkilatında (The Nature Conservancy) mütəxəssis kimi fəaliyyət göstərən keniyalı nümayəndə Nathaniel Mtunji AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
Keniyanın iqlim dəyişikliyi ilə bağlı əsas probleminin tez-tez baş verən quraqlıqlar olduğunu qeyd edən N.Mtunji bu vəziyyətin Afrikanın digər ölkələrində də müşahidə olunduğunu bildirib.
O, COP29 çərçivəsində quraqlıqlar və iqlim dəyişikliyinin yaratdığı digər problemlərin həlli üçün xüsusi gözləntilərinin olduğunu vurğulayıb: “Bu problemlərin həlli üçün ən yaxşı yanaşma, tədbirdə müzakirə edilən və yekunlaşması gözlənilən Yeni İqlim Maliyyə Sazişinin (NCQG) icrası olacaq. Biz bu prosesin necə nəticələnəcəyini gözləyirik”.
Keniyalı qonaq konfransın təkcə təşkilatçılıq baxımından deyil, həm də müzakirələrin mövzusu baxımından iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verdiyini deyib.