Kestutis Yankauskas: Ailə biznesi Avropa İttifaqı iqtisadiyyatının əsas sütunudur
Şəki, 2 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Bu gün biz qədim Şəki şəhərində, gözəl “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində “ABAD”çı ailələrin istehsal etdikləri məhsullarla tanış olduq. Burada daddığımız məhsulların, gördüyümüz əl işlərinin hər birinin üzərində keyfiyyət nişanəsi var. Bunlar təbii, orqanik məhsullardır. Ümid edirəm ki, Azərbaycana, eləcə də Şəkiyə gələcək turistlər bu məhsullarla tanış olacaqlar. Əvvəlcə bu ailələrə təşəkkür edirəm. Onların bacarığı olmasaydı, layihə də inkişaf edə bilməzdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Avropa İttifaqı (Aİ) nümayəndəliyinin Azərbaycandakı rəhbəri, səfir Kestutis Yankauskas Şəkidə jurnalistlərə müsahibəsində deyib.
Səfir bildirib ki, Avropa İttifaqında ümumi biznesin 99 faizi ailə biznesindən formalaşır. “Ailə biznesi Aİ iqtisadiyyatının əsas sütunudur. Ölkələrin sosial vəziyyəti, iqtisadi durumu həmin o ailə bizneslərinə əsaslanır. Ümid edirik ki, bu istiqamət Azərbaycanda inkişaf edəcək”,- deyə səfir vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) tərəfindən “ABAD” publik hüquqi şəxs ilə birgə icra edilən “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi uğurla başa çatıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ABAD” publik hüquqi şəxsi ilə birgə reallaşdırılıb.