Kişineuda keçirilmiş beynəlxalq konfransda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü pislənib
Moldova Respublikasının (MR) “İctimai Palata” adlı qeyri-hökumət təşkilatı tərəfindən və MR-in parlament vəkili (ombudsman) Aureliya Qriqoriunun himayəsi ilə keçirilmiş tədbir böyük ictimai-siyasi diqqətə səbəb olub.
Forumun əsas məqsədi beynəlxalq hüququn əsas prinsipinin - dövlətlərin ərazi bütövlüyü prinsipinin pozulmasının yolverilməzliyi barədə dünya ictimaiyyətinin müasir mövqeyini təqdim etmək, habelə vətəndaş cəmiyyətinin diqqətini tolerantlıq ideyalarının irəliləməsinə, ərazi problemlərinin dinc yolla həlli məsələlərinə cəlb etmək idi.
Konfransın işində Moldovanın keçmiş prezidenti Pyotr Luçinski, Azərbaycan Respublikasının Kişineudakı səfiri Namiq Əliyev, MR baş prokurorunun birinci müavini Andrea Pıntya, Macarıstan, Ukrayna və Çexiya səfirləri, Kişineuda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan, Gürcüstan, Pakistan, Ukrayna və başqa ölkələrdən gəlmiş ombudsmanlar və onların nümayəndələri iştirak və çıxış ediblər.
Bir neçə sessiyadan ibarət konfransın gündəliyindəki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Abxaziya və Cənubi Osetiya problemləri, Dnestryanı zonada münaqişə, Ukraynada vəziyyət kimi məsələlərin müxtəlif aspektləri müzakirə olunub.
Konfransın plenar iclasında ölkəmizin Moldovadakı səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev çıxış edib.
Diplomat öz çıxışında əsasən keçmiş sovet dövlətlərində demokratiyanın inkişafı prosesləri, insan hüquqlarının qorunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və erməni təcavüzü, azərbaycanlı qaçqınların və məcburi köçkünlərin vəziyyəti, ərazi münaqişələrinin həllində ikili standartlar siyasəti, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət məsələlərinə toxunub.
Səfir xüsusi vurğulayıb ki, dünyanın aparıcı ölkələri ərazi münaqişələrinin həlli və insan hüquqlarının müdafiəsi məsələlərində beynəlxalq hüquqa məhəl qoymadan ikili standartlar tətbiq edir, erməni siyasətçilərinin etnik təmizləmə, Cənubi Qafqazda monoetnik zonalar yaratmaq siyasəti yeritdiklərini “görmürlər”. Buna görə təsadüfi deyil ki, “bumeranq qanunu” üzrə onlar özləri artıq belə problemlərlə qarşılaşırlar.
Diplomatik nümayəndəliyimizin rəhbəri həmçinin qeyd edib ki, bu gün Azərbaycan üçün əsas məsələ Azərbaycanın bir milyon məcburi köçkününün və Ermənistandan olan qaçqınların pozulmuş hüquqlarını bərpa etmək məqsədilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsidir.
İsrail nümayəndəsi Arye Qut konfransın iştirakçılarına ermənilərin vəhşiliklərindən, onların Azərbaycan şəhərində törətdikləri soyqırımı aktından bəhs edən “Xocalıya ədalət” adlı sənədli film nümayiş etdirib.
Konfrans başa çatdıqdan sonra tədbir çərçivəsində Moldova alimi, tarix elmləri doktoru Ruslan Şevçenkonun “Ermənistan-Azərbaycan münaqişəsi: tarix və müasirlik” adlı kitabının təqdimatı olub.
Konfrans iştirakçılarına kitabın nüsxələri hədiyyə edilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu