Kişineuda MDB ölkələrinin “Qloballaşma dövründə elm və innovasiyalar” mövzusunda simpozium keçirilib
Minsk, 14 may, AZƏRTAC
Mayın 12-13-də Kişineuda MDB ölkələrinin “Qloballaşma dövründə elm və innovasiyalar” mövzusunda simpozium keçirilib.
Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, MDB-nin yaradılmasının 25 illiyinə həsr edilmiş tədbirlər planı çərçivəsində Respublika Sarayında keçirilmiş simpoziumda MDB üzvü olan 6 dövləti - Azərbaycan, Belarus, Moldova, RF və digər ölkələri təmsil edən 80-dən çox nümayəndə - elmi tədqiqat institutlarının direktorları və elmi işçiləri, ali məktəblərin rektorları və müəllimləri iştirak ediblər.
Bu genişmiqyaslı elmi tədbirin keçirilməsinin təşəbbüskarı və təşkilatçısı bu il 55 yaşını qeyd edən Moldova Elmlər Akademiyası olub.
Alimlər və ali məktəb müəllimləri arasında regional və fənlərarası əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, elm və innovasiyalar sahəsində beynəlxalq əlaqələr yaradılması və kooperasiyanın inkişaf etdirilməsi MDB-nin prioritet vəzifələrindən biridir. Bununla əlaqədar, simpoziumun plenar iclası və seksiya iclasları formatında: tədqiqatlar və innovasiyalar sahəsində beynəlxalq əməkdaşlıq; elmi araşdırmaların maliyyələşdirilməsi üçün yeni imkanlar; elmin və təhsilin beynəlmiləlləşməsi problemləri müzakirə edilib.
Simpozium çərçivəsində “MDB ölkələrində innovasiya proseslərinin sürətləndirilməsi problemi və onun həlli yolları” mövzusunda “dəyirmi masa”da milli elmi sistemlərin rəqabət qabiliyyətinin artırılması məqsədilə Birlik ölkələrinin dövlət idarələrinin və elmi müəssisələrinin gələcək əməkdaşlığı və bu əsasda MDB iştirakçısı olan dövlətlərin milli iqtisadiyyatlarının inkişafının innovasiya yoluna keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Tədbir iştirakçıları simpoziumun yekunlarına əsasən memorandum qəbul ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk