Kolumbiya mətbuatı Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən və bölgənin gələcəyinə dair vizyonundan yazıb
Bakı, 20 noyabr, AZƏRTAC
Kolumbiyanın nüfuzlu siyasi xəbər agentliklərindən olan “LaOtraCara” portalında azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış kolumbiyalı jurnalist Roberto Trobaxonun ölkəmizin Vətən müharibəsindəki tarixi Qələbəsi, azad olunmuş ərazilərimizdəki erməni vandalizmi və burada Azərbaycan tərəfindən görülən işlər, eləcə də bölgənin gələcəyinə dair ölkəmizin vizyonu barədə “Qaliblər barış əlini uzadır” başlıqlı məqaləsi dərc olunub.
Azərbaycanın Kolumbiyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə ilk olaraq, Azərbaycanın ötən il 44 gün davam edən müharibə nəticəsində 30 ilə yaxın Ermənistan silahlı qüvvələri tərəfindən qeyri-qanuni işğalda saxlanılan torpaqlarını azad etməyə nail olduğu barədə məlumat verilir.
Müəllif bölgəyə səfəri zamanı şahid olduğu mənzərələrə də istinad edərək işğal müddətində Azərbaycan ərazilərində Ermənistan tərəfindən genişmiqyaslı dağıntıların törədildiyini və burada kütləvi minalanma aparıldığını bildirir.
Yazıda, həmçinin Şuşa şəhərinin ölkəmizin tarixi və mədəniyyətindəki müstəsna önəmi və şəhər işğaldan azad olunarkən Azərbaycan Silahlı Qüvvələrinin nümayiş etdirdiyi misilsiz rəşadət haqda danışılır, burada bitən Xarıbülbül gülünün Azərbaycanın qələbə simvoluna çevrildiyi qeyd olunur və ölkəmiz tərəfindən aparılan intensiv yenidənqurma işləri sayəsində işğaldan azad olunmuş digər Azərbaycan əraziləri kimi Şuşanın da sürətlə dirçəlməkdə olduğu vurğulanır.
Sonda Azərbaycanın bölgədə davamlı sülh və əməkdaşlıq mühiti arzuladığı, bunun üçün Ermənistanı qonşularına münasibətdə ərazi iddialarını kənara qoyaraq Azərbaycanın ərazi bütövlüyünü tanımağa və bölgədə sabitlik və inkişaf naminə birlikdə çalışmağa dəvət etdiyi qeyd olunur.