Komitə sədri: “Yüksəliş” müsabiqəsində gələcəyin potensialı, məsuliyyət hissi, inkişaf etmək iradəsi qiymətləndirilir
Bakı, 3 iyul, AZƏRTAC
Şəhərsalma gələcəyi düşünərək qərar vermək mədəniyyətidir. Bu gün qəbul edilən qərarlar onilliklər sonra insanların necə yaşayacağını müəyyən edir. Ona görə də şəhərsalma məsuliyyət, uzaqgörənlik və balanslı qərar vermək tələb edir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən söyləyib.
Komitə sədri əslində bu prinsiplərin yalnız şəhərlərin inkişafına aid olmadığını, müasir idarəçiliyin mahiyyətinin də məhz bundan ibarət olduğunu vurğulayaraq deyib: “Hər bir qərarın mərkəzində insan dayanmalıdır, hər bir qərar gələcəyə xidmət etməlidir. Siz Azərbaycanın gələcəyini formalaşdıracaq nəslin nümayəndələrisiniz. Qarşıda duran çağırışlar mürəkkəb olsa da, ölkəmizin inkişafı üçün mövcud imkanlar daha böyükdür. Bu imkanlardan səmərəli istifadə etmək üçün bilik, peşəkarlıq, liderlik və məsuliyyət hissi əsas şərtlərdir. “Yüksəliş” müsabiqəsi də məhz bu keyfiyyətləri üzə çıxarmaq və inkişaf etdirmək məqsədinə xidmət edir. Çünki burada yalnız bugünkü nəticələr qiymətləndirilmir, burada gələcəyin potensialı, məsuliyyət hissi, inkişaf etmək iradəsi qiymətləndirilir. Burada ölkənin gələcəyinə töhfə verə biləcək insanlar formalaşır”.