Kompleks tədbirlər planı Nazirlər Kabinetinə təqdim olunmuşdur
Bakı, 28 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) “Azəralüminium” ASC-nin tabeliyində olan Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin fəaliyyəti nəticəsində əmələ gəlmiş alunit və boksit tullantılarının ətraf mühitə zərərli təsirinin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər görür.
ETSN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Ətraf mühitin mühafizəsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” qanunların tələbləri pozulduğuna görə, müəssisə rəhbərliyi barəsində dəfələrlə inzibati qaydada tədbirlər görülmüş və çatışmazlıqların aradan qaldırılması üçün məcburi göstərişlər verilmişdir. Lakin müəssisə rəhbərliyinin təbiətə, ətraf mühitin mühafizəsinə laqeyd münasibəti nəticəsində göstərişlər icra edilməmişdir. Hazırda müəssisənin müvafiq hovuzlarında 12 milyon 730 min ton alunit və 8 milyon 843 min ton boksit tullantı şlamları yığılıb qalmışdır. 2008-ci ildə dünyada baş verən maliyyə böhranı ilə bağlı dünya bazarında alüminium oksidinin qiyməti ucuzlaşdığı üçün 2009-cu ildən gil-torpaq sexlərinin işi tamamilə dayandırılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq, bununla əlaqədar kompleks tədbirlər planı layihəsinin hazırlanması üçün Fövqəladə Hallar, Sənaye və Energetika, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, “Azəralüminium” ASC-nin, Cəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Gəncə şəhər İcra hakimiyyətinin nümayəndələrindən ibarət işçi qrup yaradılmışdır. İşçi qrupun hazırladığı kompleks tədbirlər planı Nazirlər Kabinetinə təqdim olunmuşdur.