AZƏRTAC-ın müxbiri xəbər verir ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Kondoliza Rays həftənin sonunda Rusiya və Almaniyaya səfərə gedəcəkdir. Xanım Rays səfər ərəfəsində keçirdiyi brifinqdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin də ABŞ-Rusiya dialoqunun diqqətindən kənarda qalmayacağını bildirmişdir. O,
AZƏRTAC-ın müxbirinin sualına cavabında vurğulamışdır ki, bu uzunmüddətli münaqişə həm Azərbaycan, həm də Ermənistanın siyasi və iqtisadi inkişafına mənfi təsir göstərmiş, ümumiyyətlə, bölgənin tərəqqisinə maneə yaratmışdır. K.Rays demişdir: “Biz hamımız Dağlıq Qarabağ məsələsinin həll edilməməsindən təəssüflənmişik. Bir müddət bundan əvvəl nizamlama yolunda olduğumuzu düşünürdük. Bunun üzərində çox işləmişdik. Floridada görüş baş vermişdi. Görünürdü ki, işlər düzgün istiqamətdə gedir. Rusiya tərəfi ilə danışıqlarda yenidən bu istiqamətə necə qayıdacağımıza dair müzakirələr aparmaq istərdik”.
Xanım Rays bildirmişdir ki, ABŞ Rusiya ilə apardığı ciddi dialoqu davam etdirmək niyyətindədir. Danışıqların gündəliyi yalnız iki tərəfi maraqlandıran məsələlərdən ibarət olmayacaqdır. Yaxın Şərqdə sülh danışıqları prosesinin inkişafı, antiterror müharibəsində birgə səylər, demokratik İraqın qurulması barədə də fikir mübadiləsi aparılacaqdır. Keçmişdə İraqa dair aramızda fikir ayrılığı olmasına baxmayaraq, hazırda əsas məqsəd burada uğur qazanmağımızdır. Sabit və demokratik İraqın olması hamının marağıncadır.
Rusiya ilə dialoqun böyük hissəsi enerji məsələlərinə həsr ediləcəkdir. Kondoliza Raysın sözlərinə görə, dünya iqtisadiyyatının gələcəyi naminə etibarlı enerji mənbələri haqqında düşünülməlidir.