Könüllülər Təşkilatları İttifaqının üzvləri muxtar respublikadan dərin təəssüratla ayrılıblar
Naxçıvan, 27 iyul, AZƏRTAC
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər fondlarının dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə ölkənin aparıcı könüllü təşkilatlarının rəhbərləri muxtar respublikaya səfər ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iyulun 23-dən 25-nə kimi nəzərdə tutulmuş səfərin ikinci günündə qonaqlar əvvəlcə Naxçıvan Dövlət Universiteti ilə tanış olublar. Qonaqlara ali təhsil ocağındakı müasir təhsil infrastrukturu və tədris binası barədə məlumat verilib.
Universitet səfəri çərçivəsində Könüllü Təşkilatların rəhbərləri ali təhsil ocağının tələbələri ilə də görüşüblər. Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk partiya təşkilatının sədri Arzu Abdullayev bildirib ki, muxtar respublikada könüllü gənclərin, o cümlədən tələbələrin könüllülüyü proqramına cəlb edilməsi daim diqqətdə saxlanılır. Onlar bir sıra xidmət sahələrində könüllü olaraq iştirak edir və bir çox uğurlu layihələr hazırlayırlar. İnanırıq ki, Könüllü Təşkilatlarının rəhbərləri ilə görüşümüz bu sahədə atılan addımlara stimul verəcək və muxtar respublikanın gəncləri hazırladıqları uğurlu layihələrlə dünya miqyaslı nailiyyətlər qazanacaqlar.
Könüllük proqramı haqqında fikirlərini bölüşən, Azərbaycan Könüllü Təşkilatları İttifaqlarının sədri Tural Hümbətov qeyd edib ki, Könüllü Təşkilatı olaraq bizim məqsədimiz ölkədəki bütün könüllüləri, eləcə də Naxçıvan könüllülərini təşkilata cəlb etməkdir. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan uzun müddət blokada şəraitində yaşamasına baxmayaraq, bütün sahələrdə olduğu kimi, gənc nəslin rifahı, onların cəmiyyətə sağlam inteqrasiyasının təmin edilməsi yolunda atılan hər bir uğurlu addım göz qabağındadır. İnanırıq ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu ilə imzalanan memorandumdan sonra bu sahəyə olan maraq daha da artacaq və kiçik bir təşkilat böyüyərək könüllülər şəbəkəsini yaradacaq.
“Naxçıvan Muxtar Respublikasında gənc nəslin mütəşəkkil formada yetişməsi üçün hər cür şərait mövcuddur”, - deyən Azərbaycan Könüllü İttifaqının baş katibi Emiliya Bayramova bildirib ki, Naxçıvanda olduğumuz bu iki gün müddətində, həqiqətən, maraqlı, yaddaqalan bir o qədər də sevindirici hallarla qarşılaşdıq. Naxçıvan Dövlət Universitetində marağımızı daha çox cəlb edən isə Tibb fakültəsi oldu. Hər cür şəraitlə təchiz olunmuş laboratoriyalar, işıqlı sinif otaqları, yüksək və keyfiyyətli təhsil təbii ki, bura xarici tələbələrin axınını gücləndirən əsas amildir. Yaxın gələcəkdə burada yaradılacaq Texnologiyalar Parkı isə gənclərə göstərilən diqqətin ən gözəl nümunəsidir. İnanırıq ki, buradan qayıtdıqda yaxınlarımızla bölüşəcəyimiz təəssüratlardan sonra onlar da Naxçıvana səfər etməyi arzulayacaqlar.
Daha sonra qonaqlar muxtar respublikanın bir sıra gəzməli yerlərinə, o cümlədən qədim Ordubad şəhərinə, Duzdağ Fizioterapiya Mərkəzinə və Əcəmi seyrəngahına ekskursiyalar ediblər.
Gəzinti ilə bağlı təəssüratlarından danışan Gənc Könüllülər Təşkilatının nümayəndəsi Pərvin Qasımov deyib ki, işimizlə əlaqədar olaraq ölkənin bir çox yerlərində olmuşam. Amma Naxçıvana ilk dəfədir gəlirəm. Bu səfər çərçivəsində Naxçıvanı və naxçıvanlıları daha yaxından tanımaq fürsətini qazandım. Həqiqətən, bu şəhər tamam başqadı. Düşünürəm ki, Naxçıvan gənc nəslin inkişafı üçün ideal məkandır. Səfərimiz çərçivəsində Naxçıvanla bağlı deyilən xoş sözlərin reallığının bir daha şahidi oldum. Şahidi oldum ki, qədim Ordubad şəhəri, həqiqətən də, tariximizin ən qədim dövrlərindən boylanan zəngin mədəniyyəti, adət-ənənələri ilə zəngin məkandır. Milli mətbəxinin ləziz təamları, insanların gülərüzü, qonaqpərvərliyi, bir sözlə, özünəməxsusluğu ilə seçilir bu ünvan. Duzdağ Müalicə Mərkəzində yaradılan şərait isə, həqiqətən, təqdirəlayiqdir. Elə bunun üçün gələcək səfərimdə Naxçıvana bir nəfəsdə insana şəfa olan Duzdağ Fizioterapiya Mərkəzində müalicə almaq üçün gələcəyəm.
Azərbaycan Könüllü Təşkilatlar İttifaqının sədr müavini Ruslan Mirzəyev qeyd edib ki, Naxçıvanın tarixi ilə bizim tanış olmağımız çox maraqlı oldu. Buranın saymaqla bitməyən zəngin tarixi var. Buna misal olaraq Mömünə xatın türbəsinə yaxınlaşdıqda o əzəməti, tarixi hiss etməmək mümkün deyil. Həmçinin Naxçıvanın ötən əsrlərə aid tarixi barəsində biz Xan sarayında olarkən tanış olduq. Digər yollandığımız məkan Duzdağ Fizioterapiya Mərkəzi də bizlərdə möcüzə təəssüratı yaratdı.
Heydər Əliyev Fondu Regional inkişaf-ictimai birliyinin bölmə rəhbəri Nərgiz Qurbanova bildirib ki, proqram çərçivəsində Naxçıvan Dövlət Universitetində səfərdə olduq. Diqqətimi ən çox çəkən məqamlardan biri isə universitetdə hər bir fakültənin ayrıca binasının olması idi. Bu, çox xoş haldır. Çünki Azərbaycanda çox az universitet vardır ki, onun fakültələrinin binası ayrı-ayrı olsun. Burada məlumat verildi ki, universitetdə regionlarımızdan və xaricdən gələn tələbələr də təhsil alırlar. Bizim daha sonra Naxçıvandan olan tələbələrlə görüşümüz keçirildi. Bu görüşdə biz imkan əldə etdik ki, bərpa olunmuş təşkilatlarımız barəsində tələbələrə dolğun məlumat verək. Eyni zamanda gənclərlə tövsiyələrimizi də bölüşdük ki, könüllülük fəaliyyətinə aktiv olaraq qoşulsunlar. Çünki bu fəaliyyət onların gələcəyi üçün bir çox istiqamətlərin başlanğıcını qoyur. Daha sonra üz tutduğumuz məkan Duzdağ Fizioterapiya Mərkəzi oldu. Mərkəzdə hansı xəstəliklərin müalicə alınması barəsində məlumat verildi. İl ərzində yalnız azərbaycanlıların deyil, xaricdən gələn turistlərin də müalicə olunduğu bildirildi.
Səfərin sonuncu günü, Könüllülər Təşkilatları İttifaqının üzvləri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Ağbulaq İstirahət Mərkəzi və Batabat iqlim kurort zonası ilə yaxından tanış olublar. Aqrar İnkişaf Könüllülər Təşkilatının sədri Kamran Əliyev qeyd edib ki, səfər çərçivəsində bir çox tarixi yerlərdə, mədəniyyət müəssisələrində olduq, ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyətini özündə əks etdirən muzeydə olduq. Qədim abidələrlə zəngin olan Ordubad rayonu ilə yaxından tanış olduq. O deyib: “Atam Ordubad rayonuna 5 kilometr məsafədə yerləşən Zəngəzur mahalından olduğuna görə bu yerlər haqqında uşaqlığımdan məlumat toplayırdım, bu rayonla tanışlıq isə məndə çox böyük təəssüratlar yaratdı. Ümumiyyətlə, Naxçıvan haqqında onu deyə bilərəm ki, qədimliyi qorunmaqla müasirləşən diyarlarımız arasında Naxçıvanın ön sırada olduğununun şahidi oldum”.
Kamran Əliyev qeyd edib ki, Ağbulaq İstirahət Mərkəzində dağlıq ərazidə, dəniz səviyyəsindən 2 min metr yüksəklikdə belə bir şəraitin yaradılması insanı valeh edir. Kəndin təmiz havası, sərin suları ilə yanaşı, bu mərkəzdə milli dəyərlərimizi tanıtmağa hesablanmış guşələr diqqəti cəlb edir. Ümumiyyətlə, muxtar respublikada 3 gün ərzində fürsət tapıb getdiyimiz hər bir bölgədə ən çox diqqətimizi çəkən isə getdiyimiz bütün bölgələrdə yol infrastrukturunun bu cür müasir standartlara cavab verməsidir. İnsanları çox qonaqpərvər və müasir düşüncəlidir.
Bəxtiyar Rəhimov Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin şöbəsinin əməkdaşıdır. O deyib ki, özü mədəniyyətimizin beşiyi sayılan Şuşadan olsa da, bu yerlər də ona yad deyil. Çünki 2012-ci ildə hərbi xidmətini məhz Batabat dağlarında başa vurub: “Hələ hərbi xidmət vaxtından buranın heyranıyam. Xidmətimi başa vurduqdan sonra da fürsət tapdıqca Naxçıvana gəlir, gəzməli-görməli yerləri təkrarən gəzirəm. Bu gün də təşkilatın xətti ilə burada olmaqdan çox şadam. Onu deyə bilərəm ki, yaşıllığa qərq olan bu yaylağın saf, təmiz, sərin suları insanları ona daha da valeh edir. Gördüklərimizdən belə bir nəticəyə gəlmək olar ki, muxtar respublikanın istər dağlıq, istərsə də aran rayonları, hətta ən ucqar dağ kəndlərinə belə ciddi dövlət qayğısı göstərilir. Burada turistlərin istirahəti üçün geniş şərait yaradılır”.
Qonaqlar muxtar respublikadan zəngin təəssüratlarla ayrıldıqlarını vurğulayıblar.