Kosovoda milli matəm elan edilib

Bakı, 25 sentyabr, AZƏRTAC
Kosovo prezidenti Vyosa Osmani polislə silahlı qrup arasında baş verən toqquşmada bir zabitin ölməsi, digərinin isə yaralanması ilə nəticələnən toqquşmadan sonra bazar ertəsi günü milli matəm elan etmək qərarına gəlib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Baş nazir Albin Kurti “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, çavuş Bunyaku “səhər sübh saatlarında ölkənin ərazi bütövlüyünü və qanunun aliliyini qoruyaraq, xidməti vəzifəsini yerinə yetirərkən terrorçular tərəfindən öldürülüb”. Kosovonun şimalında polis patrul dəstəsi ilə bir qrup silahlı etnik serb arasında baş verən qarşıdurmada daha bir zabit yaralanıb.
Silahlı serblərdən ibarət qrup dövlət nömrə nişanı olmayan iki yük maşını ilə Mitrovitsa şəhəri yaxınlığında yerləşən Banyska kəndinə gedən körpünü bağlayıb, məsələni araşdırmaq üçün hadisə yerinə gələn polisə atəş açdıqdan sonra atışma baş verib. Bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib, Kosovo ilə Serbiya arasındakı Brnyak sərhəd keçid məntəqəsi bağlanıb.
Son aylarda Serbiya və Kosovo bir çox mübahisələrlə üzləşir, çünki Belqrad qonşusunu öz ərazisi kimi görür və onun beynəlxalq təşkilatlara qoşulması və digər dövlətlər tərəfindən tanınması cəhdlərinə mane olur. İki xalqın liderləri münasibətləri normallaşdırmaq üçün Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən danışıqlarda bir araya gəliblər, lakin tərəflər indiyədək əldə olunmuş razılaşmaları həyata keçirməkdə çətinlik çəkir.