AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərə görə, Ümumukrayna İnformasiya-Mədəniyyət Mərkəzi Simferopolda “Krım vernisajı” adlı silsilə sərgilər təşkil etmişdir. Bunlardan məqsəd Krımda yaşayan ən qədim azsaylı xalqlardan olan karaimlər (özlərini karaylar adlandırırlar) haqqında məlumat verməkdir. Belə sərgilər Qərbi Ukraynada – Volında və Qalisiyada da keçirilmişdir. Bu da təsadüfi deyildir. Axı, Krımın üç ən qədim xalqlarından biri olan karaim türkləri uzaq keçmişlərdən Qərbi Ukrayna ilə də bağlı olmuşlar. Onlar buraya 1246-cı ildə Qaliç-Volın knyazı Daniilin dəvəti ilə gəlmişdilər. Karaimlər əkinçiliklə, maldarlıqla, ticarətlə, Krım xanlığı və Osmanlı imperiyası ilə əlaqələrdə tərcüməçiliklə məşğul olur, diplomatik missiyalarda iştirak edir, poçtu müşayiət və mühafizə edir, Qalisiyadan Krıma və geriyə, mal aparıb-gətirirdilər.
Krım Karaimləri Assosiasiyasının sədri Yuri Polkanovun fikrincə, azsaylı karaim icmalarının səkkiz əsr ərzində yad xristian dünyası mühitində öz dilini, dinini və mədəniyyətini qoruyub saxlaya bilməsi fenomenal hadisədir.
Təkcə Krım deyil, qədim Qalic-Volın torpağı da dünyaya tanınmış karaim alimləri bəxş etmişdir. Hazırda Qaliç şəhərində bərpa edilmiş Karaim evində yazda Qalisiya karaimlərinin tarixi muzeyinin açılması nəzərdə tutulur.
İndi dünyada təqribən 2000 karaim var ki, onların da 1200-ü Ukraynada, o cümlədən səkkiz yüzə qədəri Krımda yaşayır.