Kross qaçışı üzrə Bakı çempionatı keçirilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı çempionatı keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda yeddi klubdan idmançılar mübarizə aparıb.
Qadınlar arasında 1 kilometr məsafəyə qaçışda Günel Manafova, 2 kilometrə qaçışda Brilyant Bayramova, 4 kilometrə qaçışda Natavan Etibarova, 6 kilometrə qaçışda isə Anna Yusupova birinci olublar.
Kişilərin yarışında Süleyman Məmmədli 2, Nadir Əliyev 3, Nail Rzayev 6, Elman Abışov isə 10 kilometr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qalib və mükafatçılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.