CƏMİYYƏT
Kür çayının aşağı axınında və Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi azalıb
Bakı, 14 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-50, Lənkəran-Astara bölgəsi çaylarında 20-50 və Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, avqustun 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 50 kubmetr olmaqla ongünlük normanın 37 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 38 kubmetr olmaqla ongünlük normanın 28 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 11 kubmetr olmaqla ongünlük normanın 16 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 56 kubmetr təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.
Avqustun 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan və Araz çayının Novruzlu məntəqəsində 2, Salyanda 3, Bankədə 6 santimetr azalma qeydə alınıb. Surra məntəqəsində isə suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 349 (2016-cı il avqustun 14-də 366 sm), Şirvanda 201, Salyanda 130 (2016-cı il avqustun 14-də 145 sm), Bankədə 177 (2016-cı il avqustun 14-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 santimetr (2016-cı il avqustun 14-də 74 sm) təşkil edir.