“KÜR” ELEKTRON AVADANLIQLARI İSTEHSALI MMC İLƏ TANIŞLIQ
Mingəçevir, 3 mart (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də “KÜR” elektron avadanlıqları istehsalı MMC-nin fəaliyyəti ilə tanış olmuşdur.
Mingəçevirin yeni sənaye müəssisələrindən olan “KÜR” elektron avadanlıqları istehsalı MMC regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində 2005-ci ilin sentyabrında fəaliyyətə başlamışdır. Müəssisədə rəqabətə davamlı yüksək texnologiyalı məhsullar istehsal olunur. Bu məhsullar Mərkəzi və Şərqi Avropa ölkələrinin təşkil etdiyi “Keyfiyyət turnirinin” qalibi olmuş, beynəlxalq İSO 9001:2000 sertifikatına layiq görülmüş, müxtəlif beynəlxalq sərgilərdə diplomlar almışdır.
Bu müəssisə respublikada ümumtəhsil məktəblərinin kompyuterləşdirilməsində mühüm rol oynamışdır. Təhsil Nazirliyinin sifarişi ilə 27217 ədəd kompyuter istehsal edilərək, ümumtəhsil məktəblərinə verilmişdir. “KÜR” kompyuterləri Moldova və Gürcüstana da ixrac olunur, Türkmənistanla isə bu istiqamətdə danışıqlar aparılır.
Müəssisənin istehsalı olan informasiya köşkündə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən məlumatlar yerləşdirilmişdir.
Dövlətimizin başçısı müəssisənin istehsal sexi ilə tanış oldu.
Bildirildi ki, konveyerdə gün ərzində 140 kompyuter avadanlığı yığılır. “KÜR” ticarət markası altında 22 konfiqurasiyada, 5 modeldə informasiya köşkləri, 2 modeldə stasionar telefon aparatları da buraxılır. 2005-2008-ci illərdə 29 min ədəddən çox fərdi kompyuter, 127 ədəd informasiya köşkü, 22 min telefon aparatı istehsal edilmişdir. Hazırda müəssisədə 62 nəfər işləyir.
Azərbaycanda bu qəbildən olan ilk müəssisədə quraşdırılmış avadanlıq Almaniya və İsrail şirkətlərindən alınmışdır. Yığılan kompyuterlər termonəzarət kamerasında sınaqdan keçirilir. Testdən uğurla keçən kompyuter 140-250 volt gərginlik intervalında yoxlanılır və qablaşdırılır. İstehsal edilən kompyuterlərə 3 il zəmanət verilir, bu müddətdə həm stasionar, həm də səyyar servis xidmətləri göstərilir.
Prezident İlham Əliyev müəssisənin istehsal etdiyi məhsulların sərgisinə də baxdı. Məlumat verildi ki, hazırda yeni kompyuter modelləri də istehsal edilir. Bu yaxınlarda fotoköşklərin istehsalına da başlanmışdır.
Burada internet xarakterli köşklər də istehsal olunur. İnsanlar müəyyən yerlərdə quraşdırılan bu köşklər vasitəsilə pulsuz internetdən istifadə edərək, lazımi informasiya ala bilərlər. Köşkdə xüsusi proqramın köməyi ilə kommunal xidmətlərə görə borcların ödənilməsini həyata keçirmək, avtobus və təyyarə reyslərinin cədvəlini öyrənmək, dövlət orqanlarının internet səhifəsindən istifadə etmək olar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə hazırlanan köşklər vasitəsilə isə paytaxda və regionlarda vakant iş yerləri barədə məlumat almaq mümkündür. Müəssisənin Bakıda və Gəncədə ticarət agentləri fəaliyyət göstərir.
Dövlətimizin başçısına səyyar mobil texniki xidmət maşını haqqında da məlumat verildi.
Prezident İlham Əliyev müəssisənin işini yüksək qiymətləndirdi.
######
![]() |
![]() |
![]() |


