Kürdəmirdə HACCP prinsipləri mövzusunda təlim keçirib
Bakı, 19 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyi sahəsi ilə bağlı olan sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə təlimlər keçirir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, növbəti nəzəri-praktiki təlim Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən "Şamaxı Dairy Farm" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda təşkil olunub.
Təlimdə iştirakçılara HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri və faydaları haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, HACCP qida təhlükəsizliyinin idarə olunması üçün mühüm əhəmiyyət kəsb edən, qida və yem məhsullarında təhlükə amillərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və nəzarəti sistemidir. HACCP risk əsaslı yanaşmanı tətbiq edir və qida məhsullarına ola biləcək risklərin əvvəlcədən qiymətləndirilməsi mexanizmini yaradır. Həmin sistem qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrə asanlıqla tətbiq oluna bilir. HACCP sisteminin effektiv işləməsini təmin etmək üçün isə əlavə müşahidə və təhlil də daxil olmaqla, yoxlamaların aparılması zəruridir. Həmçinin qaydalara riayət olunmasını əks etdirən bütün sənədlərin toplanması və işlək vəziyyətdə saxlanılması vacibdir.