KÜVEYTDƏ XOCALI SOYQIRIMI İLƏ BAĞLI SƏRGİ TƏŞKİL OLUNMUŞDUR
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 22-də Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı Azərbaycanın Küveytdəki səfirliyi ölkəmizin Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə sərgi və təqdimat təşkil etmişdir.
Səfirlikdən bildirmişlər ki, səfir Şahin Abdullayev Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün olduğu, ermənilər tərəfindən azərbaycanlılara və ümumiyyətlə insanlığa qarşı törədilmiş cinayət olan Xocalı faciəsi barədə ətraflı məlumat vermişdir.
Diplomat “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində il ərzində silsilə tədbirlərin davam etdiriləcəyini bildirmişdir.
Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti, təcavüzü nəticəsində Azərbaycana dəymiş maddi zərər və mədəniyyət abidələrinin dağıdılması, beynəlxalq hüquq normalarına zidd olaraq əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətlər haqqında konkret faktlarla danışmışdır.
Xocalı faciəsi haqqında məlumat verən Ş.Sayılov əməliyyat-istintaq materialları əsasında bu qanlı faciəni törətmiş konkret şəxslər və onların fəaliyyəti, öldürülmüş, işgəncələrə məruz qalmış, əsir və girov götürülmüş Azərbaycan vətəndaşları barədə faktları təqdim etmişdir.
Tədbir iştirakçılarına Xocalı faciəsini və erməni terrorizmini əks etdirən sənədli film, kitablar, şəkillər və digər əyani vəsaitlər təqdim edilmişdir. Bundan əlavə, “Xocalı uşaqların gözü ilə” şəkil sərgisi nümayiş olunmuşdur.
Tədbir Küveytin “Kuwait I” və “Əl-Vətən” telekanalları, “Əl-Ray”, “Ən-Nahar”, “Al-Qabas” və “Arab Times” qəzetləri tərəfindən işıqlandırılacaqdır.
Tədbirdə Küveytin dövlət təşkilatlarının nümayəndələri, ictimai xadimlər, aparıcı universitetlərinin müəllimləri, diplomatik korpusun nümayəndələri, Küveytdəki Azərbaycan icmasının üzvləri iştirak etmişlər.