Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması strateji əhəmiyyət kəsb edir- Politoloq
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycanın Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması tarixi və strateji əhəmiyyət kəsb edir. Çünki Azərbaycan ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı kontekstində bütün hüquqları öz əlində saxlayır, beynəlxalq hüquqdan irəli gələn vəzifələrini və öhdəliklərini yerinə yetirməkdə müstəqildir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin(STM) sektor müdiri, politoloq İlyas Hüseynov söyləyib.
“Xüsusilə vurğulamaq lazımdır ki, Praqa və Soçi görüşləri nəticəsində Ermənistan tərəfi ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tanıyıb, BMT Nizamnaməsinə və Alma-Ata Bəyannaməsinə sadiqliyini ifadə edib. Bu xüsusda onu da bildirməliyik ki, Nikol Paşinyan bu günlərdə Ermənistan parlamentində çıxışı zamanı bunu bir daha təsdiq etdi”, - deyə politoloq vurğulayıb.
İlyas Hüseynovun sözlərinə görə, Azərbaycanın Laçın-Xankəndi yolu üzərində post qoyması həm də ölkəmizin və regionun təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki bu yoldan sərvətlərimizin talanıb daşınması, əraziyə silah-sursatın, minaların, canlı qüvvənin gətirilməsi üçün istifadə edilirdi. Azərbaycanın uğurlu addımları sayəsində artıq bu cür hərəkətlər müşahidə olunmayacaq. Əgər Ermənistan tərəfindən yenidən qanunsuz davranışlara cəhd edilərsə, preventiv tədbirlərlə qarşısı alınacaq.
Bildirilib ki, ölkəmizin bu addımı həm də böyük bir coğrafiyanın təhlükəsizliyi baxımından önəmlidir. Bundan əlavə, Ermənistan mina terrorunu, diversantları bölgəyə gətirməsini, eləcə də təminat yollarının minalanmasını davam etdirirdi. Bütün bu addımlar qəbuledilməz idi. Azərbaycanın gördüyü adekvat tədbirlərlə Laçın yolundan sui-istifadənin qarşısı alınacaq. Bu addım, həmçinin Vətən müharibəsindən sonra Azərbaycanın hərbi-diplomatik sahədə qazandığı ən böyük nailiyyət kimi dəyərləndirilir.