Lahıclı sərrac “ABAD”ın dəstəyi ilə ailə biznesini genişləndirir VİDEO
Bakı, 27 sentyabr, AZƏRTAC
İsmayıllı rayonunda ən qədim sənətkarlıq sahələrindən biri də sərraclıqdır. Bu sənət növü Lahıc qəsəbəsində hələ ta qədimdən yayılıb.
Babil Məmmədov unudulmaqda olan sərraclığı yaşadan sənətkarlardan biridir. Hazırladığı əl işlərində yerli xammaldan istifadə edən tanınmış sərrac minik və yük heyvanları üçün dəri aksesuarları - yəhər, yüyən, palan toqqaları, qamçı düzəldir.
AZƏRTAC xəbər verir ki, məhsullarının satışını məhdud şəkildə həyata keçirən sənətkar ailə biznesini genişləndirmək üçün “ABAD”a müraciət edib. “ABAD” Məmmədovlar ailəsinə işin genişləndirilməsi, satışların təşkili istiqamətində zəruri dəstək göstərib.
Babil Məmmədovun hazırladığı aksesuarlar yüksək keyfiyyəti, həm də hər bir detala son dərəcə diqqətin ayrılması ilə fərqlənir. Sənətkarın əl işləri xüsusilə turistlər tərəfindən böyük maraqla qarşılanır.
Onun sözlərinə görə, “ABAD”ın dəstəyi İsmayıllıda sərraclığı yeni bir səviyyəyə çıxarmaqla yanaşı, sənətin sirlərini başqalarına da öyrətməyə həvəsləndirir.