L.Anninskinin “Ceviz ləpəsi” kitabını Azərbaycan dilində oxumaq mümkün olacaqdır
Bakı, 2 may (AZƏRTAC). Mayın 2-də Bakı Slavyan Universitetində (BSU) Lev Anninskinin rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş “Ceviz ləpəsi” kitabının təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev təqdimat mərasimində çıxış edərək demişdir ki, kitabın tərcüməsi və nəşri “Filoloqun kitabxanası - 100” layihəsi çərçivəsində mümkün olmuşdur. Bu layihə çərçivəsində M.Baxtinin, Y.Qolosovkerin, Y.Koseriunun, N.Xomskinin, Əhməd Cəfəroğlunun, İbn Mühannanın, A.Kunun və başqalarının əsərləri orijinaldan tərcümə edilərək Azərbaycan dilində nəşr olunmuşdur.
K.Abdullayev qeyd etmişdir ki, L.Anninskinin kitabının Azərbaycan dilində nəşri mədəni həyatımızda əhəmiyyətli hadisədir. Bu kitabda müxtəlif illərdə yazılmış məqalələr, o cümlədən, Azərbaycan ədəbiyyatının nümayəndələri - Anar, Elçin, Əkrəm Əylisli və başqaları haqqında yazılar toplanmışdır.
Moskva yazıçısı Boris Yevseyev təqdimatda çıxış edərək demişdir ki, adı çəkilən əsərdə L.Anninskinin yaradıcılığına xas olan cəhətlər - bir mövzudan digərinə ustalıqla keçmək, dərin mənalı və bəlağətli ifadələr işlətmək bacarığı diqqəti cəlb edir.
B.Yevseyev xatırlatmışdır ki, L.Anninski K.Abdullanın “Yarımçıq əlyazma” əsəri haqqında gözəl məqalə yazmışdır.
B.Yevseyev qeyd etmişdir ki, tənqidçinin yaradıcılığını səciyyələndirən xüsusiyyətlərdən biri ədəbi prosesə və mövcud vəziyyətə tarixi nöqteyi-nəzərdən obyektiv yanaşmadır. “Ceviz ləpəsi” kitabını professor Məmməd Qocayev və Etimad Başkeçid tərcümə etmişlər.
Kitabın təqdimatında Milli Məclisin deputatı Elmira Axundova, Türkiyə, Rusiya, Qazaxıstan Universitetlərinin nümayəndələri, BSU-nun müəllim və tələbələri iştirak etmişlər.