Latviyada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycanın Latviyadakı Səfirliyində 27 Sentyabr – Anım Gününün ildönümünə həsr olunmuş tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov beş il bundan öncə, 2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimizin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladığını və bunun Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin başlanğıcı olduğunu diqqətə çatdırıb. E.Sultanov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il sentyabrın 27-nin Anım Günü kimi qeyd olunduğunu bildirərək, qəhrəman şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan xalqımızın mübarizə əzmini sındırmaq məqsədilə mülki əhalini, xüsusilə Gəncə, Bərdə, Tərtər kimi şəhərləri hədəfə alaraq ağır müharibə cinayətləri törədib. Lakin Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Ordumuzun şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa azad edilib, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla isə Kəlbəcər, Ağdam və Laçın rayonları ölkəmizə qaytarılıb. Sonra - 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq məqsədilə antiterror əməliyyatı keçirərək, 24 saatdan az müddətdə ölkəmizin suverenliyini tam bərpa edib.
Səfir vurğulayıb ki, Vətən müharibəsindən sonra Azərbaycan bölgədə sülh təşəbbüsü ilə çıxış edib. Bu fəaliyyətin nəticəsində avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin tarixi görüşündə birgə bəyannamə qəbul olunub, sülh müqaviləsi layihəsi paraflanıb və sentyabrın 1-də isə ATƏT-in Minsk qrupu ləğv edilib.
Daha sonra təbirdə 44 günlük Vətən müharibəsinə həsr edilmiş “27 sentyabr – Qələbənin ilk günü” sənədli film nümayiş olunub.