Lənkəran-Astara bölgəsi çaylarında sululuq artıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Ötən günlər ərzində əsasən Lənkəran-Astara bölgəsində yağan leysan xarakterli yağış nəticəsində bu ərazidən axan çayların sululuğunda kəskin artım müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 19-da Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 150-170, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-90 faizini təşkil edib. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 165 kubmetr olub. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 7 santimetr artım qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 111 kubmetr təşkil edib. Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsinin artığı müəyyən edilib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 382, Şirvanda 229, Salyanda 174, Bankədə 169, Novruzlu məntəqəsində isə 80 santimetrdir.