Lənkəran teatrının “Casus”u paytaxt tamaşaçılarını valeh edib
Bakı, 16 dekabr, AZƏRTAC
Bakıda keçirilən Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) 125 illiyinə həsr olunmuş “Milli klassika” festivalına Lənkəran Dövlət Dram Teatrının truppası da qonaq qismində qatılıb.
Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağının kollektivi dekabrın 14-də ATXİ-nin böyük səhnəsində Xalq yazıçısı Kamal Abdullanın "Casus" pyesi əsasında rejissor Anar Babalının quruluş verdiyi eyniadlı tamaşa ilə çıxış edib. Bundan əlavə, teatr dekabrın 15-də isə Lənkəran teatrı "Casus" tamaşası ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində paytaxt sənətsevərlərinin qarşısına çıxıb.
“Casus” sirr və onun açılması üzərində qurulub. Əsərdə Dədə Qorqud obrazı hadisələrin axarını istiqamətləndirir. O, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana söyləyir. Həmçinin Boğazca Fatmanı da məsələdən xəbərdar edən özü olur. Dədə Qorqud Oğuzun təəssübkeşi kimi çıxış edir. Məhz bu səbəbdən casusun kim olduğunu söyləsə də, o biri yandan da məsələyə insani mövqedən yanaşır, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir. Niyə, nə səbəbə? Oğuz elinin bilicisi niyə Oğuz elinə xəyanət edən bir casusu hifz edir? Bu sualların cavabı səhnə əsərində süjetin ana xəttinin açılması ilə tamaşaçılara məlum olur.
Quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərli olan tamaşada Xalq artisti Qabil Quliyevin (Dədə Qorqud), Əməkdar artist Sucəddin Mirzəyevin (Qazan xan), artistlərdən Əlibala Əsgərovun (Bayandur xan), Qızılgül Quliyevanın (Boğazca Fatma), Aynur Əhmədovanın (Burla Xatun), Miraslan Ağayevin (Şirşəmsəddin), Allahverən Babayevin (Bəkil), Əbülfəz Axindovun (Aruz qoca), Emil Tağının və Sayad Əliyevin (Beyrək) və başqalarının ifaları izləyicilər tərəfindən dəfələrlə coşqu ilə qarşılanıb.
Onu da əlavə edək ki, anşlaqla keçən tamaşanı əsərin müəllifi, Xalq yazıçısı Kamal Abdulla, eləcə də tanınmış elm və mədəniyyət xadimləri izləyiblər.