Lənkəranda seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların növbəti günü mövzularla zəngin olub
Lənkəran, 25 avqust, Bağır Əliyev, AZƏRTAC
Milli Məclisə qarşıdakı seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə Lənkəranda keçirilən ixtisaslaşdırılmış kurslarda seçkilərlə bağlı müxtəlif prosedurlar barədə məlumat verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na müvafiq olaraq keçirilən kurslarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Avqustun 25-də kursların ikinci günü Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən təlim məşğələsində çıxış edən 75 saylı Lənkəran şəhər seçki dairəsinin sədri Kərim Heydərov parlament seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili barədə iştirakçılara məlumat verib.
Daha sonra MSK-nın üzvü İlham Məmmədov seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrindən danışıb.
İxtisaslaşdırılmış kursda, həmçinin Lənkəran Rayon Məhkəməsinin sədri Elçin Kazımovun “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, rayon prokuroru Natiq Abdullayevin “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri”, rayon polis şöbəsinin rəis müavini Əflatun Məmmədovun “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında polis orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri”, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşovun “Seçki siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması, və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu, onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması” mövzularında məruzələri dinlənilib.
Mövzularla zəngin olan ikinci təlim günün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.