Lənkəranda şəhid ailələrinin və qazinin həyətyanı torpaq sahələrində limon ağacları əkilib
Lənkəran, 16 mart, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Peşə Liseyinin, Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran filialının birgə təşkilatçılığı ilə ağacəkmə aksiya keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi karantin rejimi qaydalarına əməl olunmaqla Vətən müharibəsində şəhid olan lisey məzunlarının və şəhid ailələrinin həyətyanı torpaq sahələrində liseyin "Bitkiçilik" ixtisası üzrə müəllim və tələbələrinin, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran filialının əməkdaşlarının iştirakı ilə meyvə ağacları əkilib.
Ağacəkmə aksiyasına, həmçinin liseyin peşətəmayüllü bitkiçilik ixtisası üzrə sinfinin şagirdləri cəlb olunublar. Onlar Lənkəran rayonunun Viravul kəndində Birinci Qarabağ müharibəsi şəhidinin həyətyanı ərazisində sitrus meyvə ağacları əkiblər.
Sosial aksiyada, ümumilikdə 7 nəfər Vətən müharibəsi şəhidinin, 1 nəfər qazinin və 1 nəfər Birinci Qarabağ müharibəsi veteranı ailələrinin həyətyanı torpaq sahəsində 60 ədəd limon ağacı əkilib.