LƏNKƏRANDA “TÜRKİYƏ VƏ AZƏRBAYCAN GƏNCLƏRİNİN DOSTLUQ DÜŞƏRGƏSİ”NİN BAĞLANIŞ MƏRASİMİ KEÇİRİLMİŞDİR
Lənkəran, 17 avqust (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə avqustun 10-dan 17-dək Lənkəran rayonundakı “Palıdlı sahil” istirahət mərkəzində fəaliyyət göstərmiş “Türkiyə və Azərbaycan gənclərinin dostluq düşərgəsi”nin başa çatması ilə əlaqədar mərasim keçirilmişdir.
Layihə çərçivəsində Türkiyə və Azərbaycanın 40 nəfər gənc lideri üçün komanda işinin təşkili məsələləri, praktiki və kreativ oyunlar, interaktiv seminarlar, mədəniyyətlərarası dialoq mövzusunda mühazirələr təşkil edilmiş, layihə ideyaları üzərində işlər, Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq əlaqələri mövzusunda debatlar, hər iki ölkənin mədəniyyət gecələri və digər tədbirlər keçirilmişdir.
Gənclər Lənkəranın tarix və mədəniyyət abidələrini ziyarət etmiş, rayonun görməli yerlərində olmuşlar. Onlar müxtəlif idman yarışlarında, mədəni-əyləncəli tədbirlərdə də iştirak etmişlər.
“Dostluq düşərgəsi”nin başa çatması ilə əlaqədar istirahət mərkəzində keçirilən mərasimdə layihənin əlaqəndiriciləri İlkiz İsgəndərli və Xaqani Fərəcov, türkiyəli qonaq Nərgiz Çağ və gənclərin nümayəndələri çıxış edərək iki qardaş xalq arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən tədbirin əhəmiyyətini yüksək qiymətləndirmiş, 2010-cu ildə layihənin davamı olaraq bu cür düşərgənin Türkiyədə də təşkil ediləcəyini vurğulamış, düşərgədə yaradılan şəraitə, gənclərə göstərilən diqqət və qayğıya gərə təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.
Mərasimdə Lənkəran şəhərindəki Osman Mirzəyev adına uşaq evinin bədii özfəaliyyət kollektivi və türkiyəli gənclər konsert proqramı ilə çıxış etmişlər.
Tədbirdə Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli iştirak etmişdir.
Sonda layihənin iştirakçılarına sertifikatlar təqdim edilmişdir.