Lənkəranda Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib
Lənkəran, 26 fevral, AZƏRTAC
Fevralın 26-da respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksin önünə əklillər və gül dəstələri düzüblər.
Mərasimdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifasında “Qisas qiyamətə qalmaz” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Fevralın 26-da Lənkəran Dövlət Universitetində, Lənkəran Humanitar Kollecində və rayonun ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edilib, idarə, müəssisə və təşkilatlarda, qəsəbə və kəndlərdə anım mərasimləri keçirilib.