Lənkəranda “Zəfər carçıları” sənədli filmi nümayiş olunub
Lənkəran, 14 dekabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsinə və lənkəranlı şəhidlərə həsr olunan “Zəfər carçıları” adlı sənədli film nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran şəhər Böyük bazar “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə reallaşan təqdimat mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Şəhidlərimiz and yerimizdir” layihəsi çərçivəsində ərsəyə gələn 44 dəqiqəlik filmdə Lənkəranın tarixinə, lənkəranlı gənclərin Vətən müharibəsindəki qəhrəmanlıqlarına və multikultural dəyərlərin qorunub saxlanılmasına, habelə müxtəlif xalqların nümayəndələrinin əsl vətənpərvər kimi “Dəmir yumruq” ətrafında sıx birləşərək doğma torpaqların azad olunmasındakı birgə roluna diqqət çəkilib.