Lənkəranlı arıçı gənəyə qarşı yeni qurğu düzəldib FOTO VİDEO
Lənkəran, 16 fevral, İsmayıl Cəfərli, AZƏRTAC
Ölkəmizin əlverişli iqlimi, zəngin bitki örtüyü iqtisadi cəhətdən gəlirli olan arıçılığın inkişafını şərtləndirən başlıca amillərdəndir. Lakin arıçılıqda məhsuldarlığı aşağı salan təhlükəli faktorlar da var. Onlardan biri də gənə xəstəliyidir. Bu xəstəliyə qarşı müxtəlif mübarizə üsulları tətbiq edilsə də, çox vaxt təsirsiz olur. Buna görə də arıçılar daha effektiv mübarizə üsulları axtarır və tətbiq etməyə çalışırlar. Lənkəranlı arıçı belə mübarizə vasitəsi kimi yeni qurğu - sublimator düzəldib.
AZƏRTAC xəbər verir ki, Lənkəranın Şovu kənd sakini, 200-dən çox arı ailəsi olan arıçı Səyavuş Yaqubov “varoo” gənəsinə (varrotoz) qarşı müasir mübarizə üsulu kimi sublimator qurğusunun yeni modelini hazırlayıb. Deyir ki, qurğunun kütləvi tətbiqi arıçılığın inkişafına, ekoloji təmiz, təbii balın və digər arıçılıq məhsullarının istehsalına böyük töhfə verəcək: “Bu gün arıçılıq sahəsinə ən böyük ziyan vuran “varoo” gənəsidir. Bununla mübarizə üçün sublimator avadanlığı hazırladım. Sublimator həm gənələrə qarşı mübarizədə istifadə olunur, həm də qurğu ilə verilən dərmanlar pətəklərdə dezinfeksiya rolunu oynayır. Buna bənzər avadanlıq Avropada istehsal edilir, dünya praktikasında istifadə olunur. Ən effektiv, ən ucuz və tez başa gəldiyi üçün bu avadanlıqla müalicə metodu çox sərfəlidir. Ölkəmizə gətirilməsi çətin başa gəldiyinə görə tərəfimizdən belə bir avadanlıq hazırladıq”.
Oksalit asit, yəni quzuqulağı turşusunun sublimatorda tətbiqi püskürtmədən fərqli olaraq ən zərərsiz müalicə üsuludur. Preparatın sublimasiya, yəni maye halına keçmədən qaz halına keçməsi 157-189 dərəcədə baş verir. İstifadə zamanı temperatur dəyişkənliyi yarandığından avadanlıq 230 dərəcəyə uyğun hazırlanıb.
Arıların nektar gətirmə dövrü istisna olmaqla, istənilən vaxt bu mübarizə üsulunu tətbiq etmək olar. Arıçı Səyavuş Yaqubov deyir ki, quzuqulağı turşusu əsasən 2 üsulla - həm spirtdə həll olunaraq, həm də kristal halda tətbiq edilir. Bu üsulla 1 saat ərzində 100 arı ailəsinə dərman tətbiq etmək mümkün olur. Həm də arıçıya daha ucuz - yəni, bir arı ailəsinə görə cəmi 5-6 qəpiyə başa gəlir.
Səyavuş Yaqubov artıq bu qurğudan 12 ədəd hazırlayaraq sınaq üçün böyük arıçılıq təsərrüfatlarına təqdim edib. 170 arı ailəsi olan Digah kənd sakini Hamil Əhmədov da onlardan biridir. Arıçı deyir ki, əvvəllər tətbiq etdikləri kimyəvi mübarizə üsulu arılarda immunitet yaratdığı üçün təkrar mərhələlərdə effekti olmurdu: “Gənə dərmanları ilə bu xəstəliyə qarşı mübarizə aparmaq çətinlik yaradırdı. Biz sonrakı mərhələlərdə o dərmanlardan heç bir fayda görmürdük. Termometri olmadığına görə istiliyi tənzimləmək də olmurdu. Ona görə mən bu qurğunu aldım. Bundan istifadə daha rahat və daha tez başa gəlir. İki saat ərzində bütün arı ailələrini gənə dərmanı ilə dərmanladıq. Əvvəlcə 3 yeşik üzərində nümunə apardım. Üç arı ailəsindən tökülən gənəyə baxdım, gördüm ki, bu qurğunun istifadəsi çox əlverişlidir. Bu qurğu gələcəkdə arıçılara çox xeyir verən qurğu olacaq”.
Dərmanın axşamüstü, arı uçuşları olmayan saatlarda verilməsi məqsədəuyğundur. Bu zaman arıçı öz təhlükəsizliyini də təmin etməli, xüsusi əleyhqaz, əlcək və eynəklərdən istifadə etməlidir. Sublimatorun bir nüsxəsi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq mərkəzinə təqdim olunub. Nəticələri qənaətbəxş olan qurğunun patentləşdirilməsi üçün müvafiq addımlar atılacaq. Bu da qurğunun kütləvi istehsalına və bütün arıçılıq təsərrüfatlarının ondan yararlanmasına imkan verəcək.