Lerikdə maarifləndirici görüş: Narkomaniyaya yox deyək
Lerik, 30 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Şəhər İnteqrasiya təlimli internat tipli Gimnaziyada “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edən şöbə rəisi, polis polkovniki Ramil Mustafayev müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının barışmaz və qətiyyətli tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verib.
Sonra rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov, Gənclər və İdman sektorunun müdiri Natiq İsaqov, Təhsil sektorunun müdiri Zöhrab Salayev və digər qurumların nümayəndələrinin mövzu ətrafında çıxışları dinlənilib, şagirdlərin sualları cavablandırılıb.