Lerikdə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib
Lerik, 26 fevral, AZƏRTAC
Lerik Rayon Mədəniyyət Evində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə mədəniyyət evinin foyesində Xocalı soyqırımına həsr olunmuş rəsm əsərləri və kitablardan ibarət sərgi ilə tanış olub, soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə qeyd olunub ki, 1988-ci ildən etibarən Dağlıq Qarabağ ətrafında başlayan separatçılıq meyilləri kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü ilə nəticələnib. Dağlıq Qarabağda Şuşa şəhərindən sonra azərbaycanlıların yaşadığı ikinci böyük yaşayış məntəqəsi olan Xocalının yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. Soyqırımı nəticəsində Xocalı şəhəri yerlə-yeksan olunub, 613 soydaşımız amansızlıqla qətlə yetirilib. Bu kütləvi və amansız qırğın 200 ildən artıq müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olmaqla bərabər, bütövlükdə insanlığa qarşı törədilmiş qəddar cinayət aktı, erməni millətçilərinin özgə xalqlara nifrət ideologiyasının məntiqi yekunu idi.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün olub.
Bildirilib ki, bu qanlı faciənin soyqırımı aktı kimi tanınması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz, Heydər Əliyev Fondu və dünyada fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən ardıcıl iş aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən olmasının tanıdılması üçün dünyanın, demək olar ki, bütün dövlətlərində müxtəlif tədbirlər təşkil olunur.
Mərasimdə Xocalı soyqırımına həsr olunmuş sənədli film, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.