İQTİSADİYYAT
Lerikin Hücü və Dico kəndlərinə elektrik enerjisinin verilişi bərpa edilib
Bakı, 11 yanvar, AZƏRTAC
Yanvarın 11-də güclü qar yağması nəticəsində Lerik rayonunun Hücü və Dico kəndlərinə gedən elektrik naqillərində qəza baş verib və elektrik enerjisinin verilişində fasilə yaranıb.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, kəskin hava şəraitinə baxmayaraq, Hücü və Dico kəndlərində elektrik enerjisinin verilişi bərpa edilib.
Bildirilib ki, qarlı, şaxtalı havada dağlıq ərazidə yerləşən kəndlərə avtomobillə hərəkət etmək mümkün olmayıb. Bu səbəbdən “Azərişıq” əməkdaşları mal-material təchizatı ilə birlikdə 8 kilometrlik yolu piyada qət edərək baş vermiş qəzanı aradan qaldırıblar.
Qeyd edək ki, Hücü kəndinin 8, Dico kəndinin 25 abonenti var.