LİPETSKDƏ PREZİDENT HEYDƏR ƏLİYEVİN XATİRƏSİ EHTİRAMLA ANILMIŞDIR
ÜAK-ın Lipetsk regional şöbəsinin icraçı direktoru Fərəc Əzizov mərasimi açaraq, Prezident Heydər Əliyevin şərəfli və zəngin ömür yolundan danışmış, onun nurlu xatirəsinin insanların qəlbində həmişə yaşayacağını vurğulamışdır. O demişdir ki, bu ağır itki təkcə Azərbaycana deyil, həm də bütün dünya azərbaycanlılarına üz vermişdir. Eyni zamanda, Rusiya ictimaiyyəti də xalqımızla birlikdə kədərlənir və əvəzsiz itki ilə əlaqədar Azərbaycanın böyük oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Dünya görkəmli siyasətçini, Vətənimiz Azərbaycanın dahi oğlunu itirmişdir.
Mərasimdə qeyd olundu ki, respublikamızda bütün quruculuq prosesləri, Azərbaycanın müstəqil və suveren dövlət kimi möhkəmlənməsi və dünya birliyində layiqli yerini tutması Heydər Əliyevin adı ilə bağlıdır.
Matəm mərasiminin sonunda dualar oxundu.
Mərasimdə Lipetsk vilayəti icra hakimiyyətinin, digər dövlət qurumlarının nümayəndələri iştirak edirdilər.