Liseydə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 23 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin “Gənc istedadlar” liseyi və tarix fakültəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi anılıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, müəllim və şagirdlərin iştirak etdikləri tədbirdə liseyin direktoru, professor Qasım Hüseynov Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciəsi olduğunu diqqətə çatdırıb. Direktor ermənilərin insanlığa qarşı törətdikləri bu qırğının heç vaxt yaddan çıxmayacağını vurğulayıb.
Sonra tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, professor Sevda Süleymanovanın “Xocalı soyqırımının tanınması Azərbaycan dövlətinin xarici siyasətinin istiqamətlərindən biridir”, Azərbaycan tarixi kafedrasının dosenti Nuru Məmmədovun “Xocalı soyqırımı bəşəri cinayətdir” mövzusunda məruzələri dinlənilib.