İQTİSADİYYAT
LONDON GÖRÜŞÜ ŞƏRQ-QƏRB ENERJİ DƏHLİZİNİN YARADILMASI PROSESİNİ İRƏLİLƏDİR
Respublikamızın Böyük Britaniyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 6-da Londonda - Amerika Birləşmiş Ştatlarının səfirliyində Qazaxıstan neftinin Baki-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinə dair məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilmişdir. ABŞ hökumətinin təşəbbüsü ilə keçirilən toplantıda Birləşmiş Ştatlar hökumətinin Xəzər hövzəsinin enerji diplomatiyası üzrə müşaviri, səfir Stiven Mən sədrlik edirdi.
Müşavirədə Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti Natiq Əliyev və ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev, KazMunayQaz şirkətinin icraçı direktoru Kairgeldi Kabıldin, Bakı-Tbilisi-Ceyhan Ko boru kəməri şirkətinin baş icraçısı Maykl Taunzend, habelə digər şirkətlərin nümayəndələri iştirak edirdilər.
Bu müşavirə sentyabr ayında Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməlinin uğurla qoyulmasından sonra keçirilmişdir.
Müzakirələr çox səmərəli keçmiş və Qazaxıstanda çıxarılan neftin Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəqlinə köməyin dəstəklənməsinin yüksək səviyyədə olduğunu göstərmişdir. Tərəflər belə bir faktı razılıqla vurğulamışlar ki, Qazaxıstana sərmayə qoyan dörd şirkət Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşulmuşdur. Beynəlxalq səviyyəli sazişlərə uyğun olaraq neftin Xəzər dənizi vasitəsilə nəql edilməsində həmin sərmayəçilərin və marağı olan digər tərəflərin hüquqlarının təmin edilməsi öncül istiqamət kimi vurğulanmışdır.
İşlənib hazırlanacaq sazişlər sırasına Azərbaycan və Qazaxıstan arasında ayrıca hökumətlərarası saziş, habelə tranzit ölkələrin hökumətləri ilə saziş və tərəflərin müvafiq hüquq və öhdəliklərini müəyyənləşdirmək üçün texniki və kommersiya xarakterli digər razılaşmalar daxildir.
Sazişlərin hazırlanmasının mürəkkəb prosesini irəlilətmək üçün Azərbaycan Respublikasının və Qazaxıstanın nümayəndələri danışıqlar aparılması üçün səlahiyyəti olan işçi qruplarının yaradılması haqqında öz hökumətlərinə təkliflər vermək barədə razılığa gəlmişlər.
Tərəflər növbəti görüşü 2003-cü ilin birinci rübündə keçirməyi qərara almışlar. Müşavirə iştirakçıları Aktau-Bakı-Tbilisi-Ceyhan nəqliyyat dəhlizini mümkün qədər tezliklə işləyib hazırlamaq əzmində olduqlarını bir daha yekdilliklə təsdiq etmişlər.