Londonda Azərbaycanın yaşıl enerji və əlaqəlilik sahəsində potensialı müzakirə olunub VİDEO

London, 14 may, AZƏRTAC
Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) baş qərargahında keçirilən 34-cü İllik Toplantı çərçivəsində “Azərbaycan: yaşıl artım və əlaqəliliyə açılan qapı” mövzusunda investisiya sessiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, paneldə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika nazirinin müavini Elnur Soltanov, “Masdar” şirkətinin maliyyə direktoru Mazin Xan, “McKinsey & Company” şirkətinin baş tərəfdaşı Yermolay Soljenitsın və AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze çıxış ediblər.
Nazir Mikayıl Cabbarov Azərbaycanın yaşıl enerji strategiyası, qanunvericilik islahatları və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarından danışaraq qeyd edib ki, bərpaolunan enerji, nəqliyyat və sənaye sahələrində əlaqəlilik ölkənin uzunmüddətli inkişaf modelinin əsasını təşkil edir.
Energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, ölkədə enerji səmərəliliyi və istilik sahəsində dörd əsas qanun qəbul olunub, 2028-ci ilə qədər bərpaolunan enerji gücünün 32 faizə çatdırılması hədəflənir.
“Masdar” şirkətinin nümayəndəsi Mazin Xan Azərbaycanın bərpaolunan enerji potensialını yüksək qiymətləndirərək, ölkənin sabit hüquqi mühiti və siyasi iradəsinin xarici investorlar üçün cəlbedici olduğunu vurğulayıb.
Yermolay Soljenitsın çıxışında COP29-un Azərbaycanın qlobal imicinə verdiyi töhfəni qeyd edərək bildirib ki, ölkə enerji və sənaye əməkdaşlığı baxımından regionda strateji platformaya çevrilə bilər.
Natali Mouravidze isə AYİB-in indiyədək Azərbaycanda 200-ə yaxın layihə üzrə 4 milyard dollardan çox sərmayə yatırdığını, bu sərmayələrin isə son illərdə getdikcə daha çox yaşıl iqtisadiyyata yönəldiyini bildirib. O, bankın təkcə maliyyə deyil, həm də institusional islahatlar sahəsində ölkəyə mühüm dəstək verdiyini diqqətə çatdırıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London